Polşanın paytaxtı Varşavada keçirilən  güləş üzrə “Poland Open” beynəlxalq turnirinə yekun vurulub.”Neftçi” İdman Klubunun sərbəst güləşçiləri yarışda əzmlə mübarizə apararaq 1 qızıl və 1 bürünc medal əldə ediblər.Pəhləvanlarımızdan Turan Bayramov (74 kq) ilk iki görüşdə yunanıstanlı Georgios Kuqiumtsidis (5:1) və polşalı Şimon Voytkovskiyə (tuş) qalib gəlib. Üçüncü mərhələdə o, millinin digər üzvü Xadjimurad Qadjiyev ilə qarşılaşıb. İdmançımız rəqibi  üzərində inamlı qələbə qazanaraq (9:1) finala yüksəlib. Turan Bayramov həlledici görüşdə digər komanda yoldaşı Cəbrayıl Qadjiyevlə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada  Cəbrayıla sonuncu xal prinsipinə əsasən (2:2) qalib gələn Turan Bayramov Polşada çempion olub.Digər təmsilçimiz Hacı Əliyev (65 kq) isə polşalı Kriştof Bienkovski (5:1) və gürcüstanlı Georgi Şoniyadan (4:1) güclü olsa da, amerikalı Maykl Alirezlə bacarmayıb – 0:8. Titullu pəhləvanımız israilli Coşua Finesilverə “tuş”la qalib gələrək turnirin bürünc medalına layiq görülüb.