“Neftçi” İdman Klubunda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib.Tədbiri giriş sözü ilə açan qurumun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov 2020-ci il sentyabrın 27-də Ermənistan tərəfindən genişmiqyaslı hərbi təxribatın qarşılığında düşmənin həmlələrini dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında bütün cəbhə boyu əks-hücuma keçən qəhrəman hərbçilərimizin Ermənistan silahlı qüvvələrini darmadağın etdiyini və nüfuzlu beynəlxalq təşkilatların, qüdrətli dövlətlərin nizamlaya bilmədikləri problemi cəmi 44 günə həll etdiyini bildirib. O, 44 gün davam edən Vətən müharibəsində igid, cəsur, qəhrəman oğullarımızın əsl şücaət göstərdiklərini, xalqımızın əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirdiyini söyləyib. Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyulduğunu, ölkəmizin ərazi bütövlüyünün, tarixi ədalətin, beynəlxalq hüququn bərpa edildiyini dilə gətirib. Aparat rəhbəri bu zəfərin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını, Vətən müharibəsinin bizim şanlı tariximiz və qürur mənbəyimiz olduğunu vurğulayıb.Daha sonra o, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən qeyd olunan Anım Gününün Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi olduğunu qeyd edib. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsinin yaddaşlarda əbədi yaşayacağını bildirib.Tədbirin sonunda, saat 12:00-da Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə şəhidlərin ruhuna dualar oxunub, onların əziz xatirəsi dərin hörmət, ehtiram və qürurla yad edilib.Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşən Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr respublikamızda Anım Günü kimi qeyd olunur.