Çinin Qingdao şəhərində keçirilən cüdo üzrə Qran-pri yarışına yekun vurulub. Turnirdə 66 ölkədən 422 cüdoçu (270
kişi, 152 qadın) qüvvəsini sınayıb.”Neftçi İdman Klubu”nun təmsilçiləri yarışın sonuncu günündə daha 3 medal
qazanıblar. 90 kq çəkidə çıxış edən Ramin Qurbanov mübarizəyə ikinci turdan
başlayıb. Əvvəlcə yerli idmançı Ksun Jao Çenqə qalib gələn cüdoçumuz daha sonra
monqolustanlı Otqonbatar Lxaqvasuren üzərində qələbə qazanıb. Dörddəbir finalda
Kuba təmsilçisi Esli Qonzalesə məğlub olan Qurbanov təsəlliverici görüşlərə
qatılıb. O, ilk qarşılaşmada britaniyalı Enryu Bernsi, bürünc medal uğrunda
mübarizədə isə Rusiya təmsilçisi Kiril Voprosovu “ippon” fəndi ilə məğlub edib
və 3-cü olub.Klubun digər yetirməsi Elmar Qasımov (100 kq) yaponiyalı Rutaro Qoto və
gürcüstanlı Quram Tuşişvili üzərindəki inamlı qələbələri sayəsində dörddəbir
finala adlayıb. Bu mərhələdə o, argentinalı Hektor Kamposu və koreyalı Hvanq
Min-Honu məğlub etmiş komanda yoldaşı Elxan Məmmədovla üz-üzə gəlib. Azərbaycan
duelindən qalib ayrılan Məmmədov yarımfinalda qazaxıstanlı Maksim Rakovla
bacarmayıb. Ancaq cüdoçumuz Ukrayna təmsilçisi Artyom Bloşenkonu məğlub edərək
bürünc medala yiyələnib. Elmar Qasımov da təsəlliverici görüşlərdə xorvatiyalı
Zlatko Kumriç və almaniyalı Karl-Rixard Frey üzərində qələbə qazanaraq eyni
uğura imza atıb.Bununla da Azərbaycan cüdoçuları Çin Qran-prisini 6 medalla başa vurublar.
Yarışın əvvəlki günlərində İlqar Müşkiyev (60 kq) və Nicat Şıxəlizadə (66 kq)
qızıl, Rüstəm Orucov (73 kq) isə gümüş medala sahib olmuşdu. Bu göstərici ilə
ölkəmiz yarışda kişilər arasında ən çox medal qazanan ölkə olub və yarışı 1-ci
yerdə sona çatdırıb.Qeyd edək ki, bu mötəbər turnirdə medal qazanmış bütün cüdoçular “Neftçi
İdman Klubu”nun yetirmələridir.