Yanvarın 8-də start
götürmüş güllə atıcılığı üzrə Bakı şəhər çempionatına yekun vurulub. Bakı
Atıcılıq Mərkəzində keçirilən yarışda “Neftçi İdman Klubu” İB, “Spartak” İC,
“Dinamo” İC və Fövqəladə Hallar Nazirliyinin komandaları tərkibində 40-a qədər
idmançı mübarizəyə qoşulub.”Neftçi İdman Klubu”nun
güllə atıcıları çempionatda aşkar üstünlükləri ilə seçiliblər və yüksək nailiyyətlər
qazanıblar. Kişilər arasında təşkil olunan pnevmatik tapançadan 10 metr məsafəyə
atəşaçma yarışlarında (60 atəş) Ruslan Lunyov 578 xal toplayaraq çempionluğa
yüksəlib. Rəsul Məmmədov isə ondan cəmi 3 xal az toplayıb (575 xal) və gümüş
medala layiq görülüb.Xanım idmançılarımız
yarışdakı daha uğurlu çıxışları ilə yadda qalıblar. Belə ki, qadınların
pnevmatik tapançadan 10 metr məsafəyə 40 dəfə atəş açmaqla mübarizə apardığı
çempionatda fəxri kürsünün bütün pillələrini klubumuzun yetirmələri zəbt ediblər.
Onlardan Nigar Nəsirova 377 xalla liderliyə yüksəlib. Zərifə Qasımova (370 xal)
2-ci, Lalə Mirzəzadə (367 xal) isə 3-cü yeri tutub.