Mayın 26-da “Neftçi İdman Klubu”nun bədən tərbiyəsi üzrə meneceri Akif Məmmədovun 60 yaşı tamam oldu. Yubilyarın doğum günü klubun inzibati binasının akt zalında kollektiv tərəfindən təntənəli şəkildə qeyd edildi.İlk öncə klubun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov çıxış edərək onu 60 illik yubileyi münasibətilə kollektiv adından təbrik etdi. Aparat rəhbəri Akif Məmmədovun əmək fəaliyyətini yüksək qiymətləndirərək onun uzun illər Azərbaycan idmanına göstərdiyi xidmətdən söhbət açdı. Ardınca o, yubilyarın ömrünün böyük bir hissəsinin “Neftçi İdman Klubu” ilə bağlı olduğunu fəxarətlə vurğuladı. Onu yaxşı işçi, gözəl dost, xeyirxah insan, dövlətini və torpağını sevən bir Vətən oğlu kimi yüksək qiymətləndirərək ona cansağlığı, ailə səadəti və gələcək işlərində müvəffəqiyyətlər arzuladı.Sonra Akif Məmmədovla uzun illər birlikdə çalışan digər iş yoldaşları da ona ən xoş arzularını çatdırdılar, haqqında dəyərli fikirlər səsləndirdilər.Tədbirin sonunda yubilyar ona göstərilən diqqətə görə şəxsən Sadıq Sadıqova və bütün kollektivə dərin minnətdarlığını bildirdi. “Neftçi İdman Klubu”nda və belə bir kollektivlə birgə çalışdığından qürur duyduğunu söylədi.