Latviyanın paytaxtı Riqada keçirilən güləş üzrə
Avropa çempionatı başa çatıb.”Neftçi İdman Klubu”nun pəhləvanı, 71 kq çəki dərəcəsində
mübarizə aparan Həsən Əliyev yunan-Roma güləşi üzrə keçirilən yarışlarda bürünc
medala yiyələnib. Bu yolda o, yerli idmançı Kristaps Kalnakarkis və çexiyalı
Jan Zikan üzərində tam üstünlüklə qələbə qazanaraq, dörddəbir finala qədər maneəsiz
irəliləyib. Lakin bu mərhələdə güləşçimiz Serbiya təmsilçisi Aleksandar
Maksimoviçlə gərgin keçən görüşdə məğlub olub və rəqibinin finala yüksəlməsi ilə
təsəlliverici görüşlərə qatılıb. Həsən Əliyev burada əvvəlcə İsveç təmsilçisi
Klnut Zakarias Tallrotu təmiz qələbə ilə mübarizədən kənarlaşdırıb. Üçüncü yer
uğrunda həlledici görüşdə isə idmançımız türkiyəli Yunus Özeli məğlubiyyətə
uğradıb (8:1) və Avropa çempionatının bürünc medalına yiyələnib.Xatırladaq ki, yarışın əvvəlki günlərində klubun daha bir yetirməsi Hacı Əliyev (61 kq) sərbəst güləş
yarışlarında erməni idmançı Valodya Franqulyanı 7:0 hesabı ilə darmadağın edərək
bürünc medal qazanmışdı.