Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu. İyunun 12-dən 28-dək davam edən yarışlarda 50 ölkəni təmsil edən 6000-dən çox idmançı 20 idman növü üzrə 253medal dəsti uğrunda mübarizə apardılar. 18 məkanda keçirilən 17 günlük həyəcanlı yarışlar dönəmində şəhər və onun minlərlə qonağı idmanın ən yüksək səviyyəli festivalına şahidlik etdi.Azərbaycan komandası Rusiya istisna olmaqla, Avropanın bütün nəhəng ölkələrini qabaqlayaraq bu oyunlarda 56 medal qazandı və ümumi komanda hesabında 2-ci yeri tutdu. Əldə olunmuş medallardan 21-i qızıl, 15-i gümüş, 20-si isə bürüncdür.Böyük qürur hissi ilə qeyd etməliyik ki, bu medallardan 16-sı “Neftçi İdman Klubu”nun atletlərinə məxsusdur. Bu medallardan 6-sı qızıl, 5-i gümüş, 5-i isə bürüncdür. Qızıl medallara Rəsul Çunayev, Elvin Mürsəliyev, Toğrul Əsgərov (güləş), Ayxan Tağızadə (taekvondo), Pərviz Bağırov (boks), İlham Zəkiyev (cüdo, paralimpiya), gümüş medallara Nəzakət Xəlilova, İslam Qasımov (sambo), Orxan Səfərov (cüdo), Sevil Bünyatova (qılıncoynatma, sablya), Səbinə Abdullayeva (cüdo, paralimpiya), bürünc medallara isə Elman Muxtarov, Həsən Əliyev, Hacı Əliyev (güləş), Sevinc Bünyatova (qılıncoynatma, sablya) və Zakir Mislimov (cüdo, paralimpiya) sahib oldular.Təbii ki, klubun idmançılarının bu uğuru qazanmasında azarkeşlərin, onlara dəstək olanların da böyük payı vardır. Belə ki, “Neftçi İdman Klubu”nun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov və əmək kollektivi bu günlər ərzində idmançılarımızın yarışlarını müxtəlif arenalarda mütəmadi olaraq canlı izlədilər, onlara dəstək oldular və qələbəyə ruhlandırdılar.