Bağlanış
mərasimi Bakı Olimpiya Stadionunda başlayıb. Səhnədə Qız qalası ucalıb, qalanın
ən yüksək zirvəsindən İçərişəhərin divarları arxasında Simurq quşu əfsanəsində
vəd edilən oyanışı gerçəkləşdirərək simasını dəyişən şəhər – Bakı, “Alov
qüllələri” görünüb. Bağlanış mərasimində şeypurun sədaları Azərbaycan prezidenti
İlham Əliyevi, “Bakı 2015”: I Avropa Oyunları Təşkilat Komitəsinin sədri,
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı və Avropa Olimpiya Komitəsinin
sədri Patrik Hikkini salamlayıb. Bakıyadək bütün qədim məkanları diyar-diyar
dolaşan xalça ilmələri stadionun ekranlarında canlanıb. Geriyə sayım sıfıra
çatdığı an xor dövlət himnini yeni simfonik aranjmanda ifa edib və Azərbaycan
bayrağı yüksəlib.Şounun
“Transformasiya” adlanan hissəsi Azərbaycan musiqisi, rəqsi və memarlığının
müasirliyin enerji və gücü ilə zənginləşdirilmiş ənənələrini tərənnüm edib. Bu
epizod 500-dən çox rəqqasənin ifası və heyranedici səhnə effektləri ilə
səciyyələnib. Sonra idmançıların paradı ilə bağlı hissə başlayıb, 50 uşaq
“Çal-oyna” xalq mahnısını xorla oxuyub, 17 gün ərzində arenalarda mübarizə
aparmış 50 dövlətin atletləri səhnəyə çıxıb. Daha sonra Mehriban Əliyeva və
Patrik Hikki nitq söyləyib. Bağlanış mərasimində gəncliyin enerjisinin nümayişi
ilə bağlı 500 nəfərdən artıq ifaçı arasında hop-hop rəqqasları və havada
heyrətamiz şou göstərən akrobatlar səhnəyə çıxıb. Növbəti mərhələdə 17 gün
davam edən I Avropa Oyunlarının əsas məqamları stadionun ekranlarında nümayiş
etdirilib. Səhnədə dörd qülləsindən də alov ucalan Atəşgah məbədinin maketi
qurulub, Elnur Mikayılov kasanın işığı altında kamançanı “dilləndirib” və
Lamiyə Kərimova ifası ilə onu yanına çağırıb. Qum rəssamı sehrli Simurq quşu
əfsanəsindən olan obrazları çəkib və onlar sanki möcüzəli şəkildə səhnədə
canlanıb. “Alovun söndürülməsi” hissəsində Avropa Oyunları alovunun söndürüldüyü
an 17 günün kulminasiya nöqtəsi olub. Kasanın alovu yavaş-yavaş sönüb və
möhtəşəm atəşfəşanlıq Bakı səmasını bəzəyib.Elektronika
rəqs musiqisi prodüseri və dj Qarnet Emeri də səhnəyə çıxıb, “Brit” mükafatı
nominasiyasına layiq görülmüş “Glean Bandit” musiqi qrupu “Real Love”,
“Stronger” siqnallarını və “Rather be” beynəlxalq himnini, soul-pop musiqisinin
şöhrətli simalarından Con Nyuman “Blame”, “Gold Dust” və “Love Me Again”
siqnallarını ifa ediblər.Sonda
möhtəşəm atəşfəşanlıq olub, bununla da, I Avropa Oyunları başa çatıb.