“Neftçi İdman Klubu” növbəti dəfə neft, qaz və kimya sənayesi müəssisələrinin işçiləri və onların ailə üzvləri arasında sağlam həyat tərzini təbliğ etmək məqsədilə “Atam, anam və mən” idman-turizm yarışı keçirib. İyulun 3-5-də Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən eyniadlı istirahət mərkəzində təşkil olunan yarışda “28 May” NQÇİ, “Neftqazelmitədqiqatlayihə” İnstitutu, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu və Maddi-Texniki Təchizat İdarəsinin komandaları mübarizə aparıblar.Ailə komandalarının yarışında oğlanlar arasında Məmmədovlar ailəsi (“Neftqazelmitədqiqatlayihə” İnstitutu) qalib adını qazanıb. Zöhrabovlar ailəsi (“28 May” NQÇİ) 2-ci, Kamilovlar ailəsi (“28 May” NQÇİ) isə 3-cü yeri tutub. Qızlar arasında Rzayevlər ailəsi (Heydər Əliyev adına BNEZ) liderliyə yüksəlib. Qurbanovlar ailəsi (Maddi-Texniki Təchizat İdarəsi) 2-ci, Balayevlər ailəsi (“Neftqazelmitədqiqatlayihə” İnstitutu) isə 3-cü yerə çıxıb.Yer tutmuş komandalara klubun diplom və hədiyyələri təqdim olunub. Bundan əlavə, “Neftçi İdman Klubu” “ən kiçik turist”, “ən fəal turist” və “ən qocaman turist” nominasiyaları üzrə də mükafatlar təsis etmişdi. Bu nominasiyaların qalibi adına müvafiq olaraq, Səma Rzayeva (Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu), Kamran Məmmədov (“Neftqazelmitədqiqatlayihə” İnstitutu) və Məleykə Qurbanova (Maddi-Texniki Təchizat İdarəsi) layiq görülüblər.