“Neftçi İdman Klubu”nun 2002-2003-cü illər təvəllüdlü futbolçulardan ibarət “Siyəzən” komandası iyunun 22-dən iyulun 2-dək Gürcüstanın Kobuleti şəhərində təlim-məşq toplanışında olub. On gün davam edən toplanışla paralel olaraq, komandamız həmin şəhərdə keçirilən beynəlxalq turnirə də qatılıb.Futbol üzrə idman ustası Anzar Şapatavanın xatirəsinə həsr olunmuş 2002-2003-cü illər təvəllüdlü yeniyetmə futbolçulararasında keçirilən turnirdə beş komanda qüvvəsini sınayıb: “Dinamo” (Batumi), “Kobuleti”, “Kolxeti” (Poti), “Torpedo” (Kutaisi) və “Neftçi İK” İB (Siyəzən).Kobuleti şəhər bələdiyyəsi və UGİM-in birgə təşkilatçılığı ilə təşkil olunan yarışda komandalar bir qrupda olmaqla dairəvi sistem üzrə mübarizə aparıblar. “Neftçi İdman Klubu”nun futbol üzrə baş məşqçisi Məhərrəm Həsənov və komandanın məşqçisi Elçin Ağayevin rəhbərlikləri altında çıxış edən komandamız ilk oyununda “Kolxeti” (Poti) ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib. Növbəti oyunda “Dinamo” (Batumi) ilə üz-üzə gələn futbolçularımız bu dəfə də gözəl oyun nümayiş etdiriblər və rəqiblərini böyük hesabla məğlub ediblər – 5:2. Üçüncü görüşdə “Torpedo”nu sınağa çəkən həmyerlilərimiz yenə üstünlüyü ələ alıblar və 3:1 hesablı qələbəyə imza atıblar. “Neftçi İK” İB (Siyəzən) komandası sonuncu – dördüncü qarşılaşmasında “Kobuleti”yə qarşı oynayıb. Məğlubiyyət tanımayan futbolçularımız sonuncu matçda da əzmlə mübarizə aparıblar və oyundan qalib ayrılıblar – 2:1. Beləliklə, futbolçularımız bütün rəqibləri üzərində inamlı qələbə qazanaraq beynəlxalq turnirin kubokuna sahib olublar.Yer tutmuş komandalara diplom və kubokları Kobuleti şəhər UGİM-in direktoru Zurab Kaxidze təqdim edib.