SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Neftçi İdman Klubu”nun
Bakı-2015 Birinci Avropa Oyunlarında medal qazanan idmançılarını qəbul edib.
Şirkətin baş ofisində keçirilən görüşdə o, atletlərimizin çıxışını yüksək qiymətləndirib
və klubun yetirmələrinin göstərdiyi uğurun qürurverici olduğunu söyləyib: “Məşq
etmək, çalışmaq başqa, amma nəticə göstərmək, qələbəyə sevinmək bir başqadı.
Birinci Avropa Oyunlarında “Neftçi İdman Klubu”nun idmançıları böyük uğur əldə
etdilər. Qalib olub mükafat qazandınız. Sizin hər birinizi təbrik edirəm! Amma
bu o demək deyil ki, bundan sonra arxayınlaşmalısınız. Çalışmalısınız ki,
2016-cı ildə Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarında bundan da uğurlu
çıxış edəsiniz. İdmançılara bizim ölkəmizdə olan qədər heç bir yerdə diqqət
göstərilmir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev idmana və
idmançılara böyük diqqət və qayğı göstərir. Bu sizin qarşınızda böyük şansdır. Bu
şansdan maksimum istifadə etmək lazımdı. Bir daha hamınızı salamlayıram və hər
birinizə təşəkkür edirəm”.Sonra Birinci Avropa Oyunlarının qalibi İlham Zəkiyev çıxış edərək göstərilən
qayğıya görə minnətdarlığını bildirdi: “Çox sağ olun ki, vaxt ayırıb bizi qəbul
etdiniz. Biz həmişə başda ölkə prezidenti olmaqla, Sizdən, “Neftçi İdman
Klubu”ndan böyük dəstək görmüşük. Çox sağ olun bu dəstəyə görə. İnanıram ki, biz
də işimizlə sizləri sevindirə bildik”.İlham Zəkiyevin məşqçisi İbrahim İbrahimov, Avropa Oyunlarının
çempionu Rəsul Çunayevin şəxsi məşqçisi İsmayıl Çopsiyev və qılıncoynatma
yarışlarında medallar qazanan Sevil və Sevinc Bünyatova bacılarının anası Həzrə
Bünyatova çıxış edərək SOCAR-ın prezidentinə öz təşəkkürlərini çatdırdılar.Sonda “Neftçi İdman Klubu” İctimai Birliyi idarəetmə aparatının rəhbəri
Sadıq Sadıqov bütün “Neftçi” ailəsi adından göstərdiyi diqqət və qayğıya görə
Rövnəq Abdullayevə öz minnətdarlığını bildirdi: “Ümumi kollektiv adından,
idmançılar adından söz verirəm ki, bundan sonra da “Neftçi İdman Klubu” hər
zaman respublikamızda idmanın və olimpiya hərəkatının inkişafda öz sözünü deyəcək
və cənab prezidentin idman siyasətini daim dəstəkləyəcək”. Sonra o, “Neftçi
İdman Klubu”nun idmançılarının ilk Avropa Oyunlarındakı çıxışlarından
hazırlanmış diski, eləcə də bu oyunların xatirə hədiyyəsini Rövnəq Abdullayevə
təqdim etdi.İdmançı və məşqçilərin pul və xatirə hədiyyələri ilə mükafatlandırılması
mərasimi bütün iştirakçıların birgə xatirə şəkli çəkdirməsi ilə başa çatdı.