“Neftçi İdman Klubu”nun rəhbərliyi AFFA-nın U-10 Liqasında çempion
olmuş futbolçularla görüş keçirdi. Klubun baş meneceri Elmar Babanlı və bədən tərbiyəsi
üzrə menecer Akif Məmmədov kiçikyaşlı futbolçuları və onların məşqçilərini
qazandıqları çempionluq münasibətilə təbrik etdilər. Komandanın çempionat boyu
göstərdiyi əzmkarlıq və qələbə ruhu yüksək qiymətləndirildi. Klub rəsmiləri
futbolçulara yeni-yeni uğurlar dilədilər və gələcək karyeralarında Azərbaycan
Premyer Liqası və milli komandamızda çıxış etmələrini arzuladılar.Klubun futbol üzrə baş məşqçisi Məhərrəm Həsənov
və komandanın baş məşqçisi Şahin Şahhüseynli onlara yüksək səviyyədə yaradılan
şəraitə görə klub rəhbərliyinə minnətdarlıqlarını çatdırdılar və bundan sonra
da çempionluq uğrunda var gücləri ilə çalışacaqlarını söylədilər.Xatırladaq ki, futbolçularımız final görüşündə “Qəbələ” komandasını
2:0 hesabı ilə məğlub edərək çempion olmuşdular. Komandamızın hücumçusu Kənan Cəfərli
isə U-10 Liqasının ən yaxşı futbolçusu seçilmişdi.