Meksikanın Qvadalaxara şəhərində olimpiya oyunlarına son lisenziya
xarakterli “World
Masters” turnirinə yekun vurulub. 51 ölkədən 235 idmançının (117 kişi, 118
qadın) mübarizə apardığı yarışda Azərbaycan millisi 7 cüdoçu ilə təmsil olunub.Yığmamız
mötəbər turnirdə uğurla çıxış edərək 2 qızıl, 2 bürünc medalla komanda
hesabında 51 ölkə arasında 2-ci yerə çıxıb. Ümumi sıralamada yalnız Yaponiyadan
(5 qızıl, 2 bürünc) geri qalan komandamız kişilərin yarışında 1-ci yeri tutub.Qürurverici
haldır ki, Azərbaycan millisinin əldə etdiyi bütün medalları ölkəmizə “Neftçi
İdman Klubu”nun yetirmələri qazandırıblar. Cüdoçularımızdan 60 kq çəki dərəcəsində
mübarizə aparan Orxan Səfərov yarışa dörddəbir final mərhələsindən qoşulub. Əvvəlcə
türkiyəli Bəkir Özlü, sonra isə Fransa cüdoçusu Valide Hyar üzərində qələbə
qazanan idmançımız finala vəsiqə qazanıb. Həlledici qarşılaşmada daha bir
fransalı – Vinsent Limare ilə üz-üzə gələn Səfərov rəqibini məğlubiyyətə
uğradıb və qızıl medala yiyələnib. Digər cüdoçumuz Elmar Qasımov (100 kq) da
eyni uğura imza atıb. Bu yolda o, braziliyalı Lusiano Korrea, əlcəzairli Layes
Buyakub və İsveç idmançısı Martin Paçeki məğlub edərək finala yüksəlib. Həlledici
görüşdə cüdoçumuz fransalı Kirill Maret üzərində parlaq qələbə qazanaraq fəxri
kürsünün ən yüksək pilləsinə qalxıb.66
kq çəkidə çıxış edən Nicat Şıxəlizadə ilk görüşdə italiyalı Fabio Basileni məğlub
etsə də, dörddəbir finalda Monqolustan cüdoçusu Tumurxuleq Davadorjla bacarmayıb və təsəlliverici görüşlərə
qatılıb. Təmsilçimiz bu mərhələdəki ilk qarşılaşmasında yaponiyalı Tomofumu
Takayodan üstün olub. Bürünc medal uğrunda görüşdə isə o, portuqaliyalı Sergiu
Oleinikə qalib gələrək 3-cü yeri tutub. Daha bir bürünc medal isə Rüstəm
Orucovdan (73 kq) gəlib. Cüdoçumuz əvvəlcə Birləşmiş Ərəb Əmirliklərindən olan
Viktor Skvortovu, daha sonra isə belçikalı Dirk Van Tileti məğlubiyyətə
uğradıb. Lakin yarımfinalda yaponiyalı Soiçi Haşimotoyla
bacarmayan Orucov bürünc medal uğrunda mübarizədə Koreya təmsilçisi Cangrim An
ilə qarşılaşmalı idi. Ancaq onun rəqibi tatami üzərinə çıxmayıb və idmançımız
bürünc medala sahib olub.