Bakı şəhərindəki 12 saylı orta məktəbin idman
zalında keçirilən badminton üzrə respublika birinciliyinə yekun vurulub.
Yarışda 1999-2001, 2002-2003, 2004-2005, 2006-cı il təvəllüdlü və daha
kiçikyaşlı idmançılar bacarıqlarını nümayiş etdiriblər.”Neftçi İdman Klubu”nun badmintonçuları böyük əzmkarlıq
göstərərək ölkə birinciliyinin 15 medalına (8 qızıl, 3 gümüş, 4 bürünc) yiyələniblər.
Təmsilçilərimizdən 2006-cı il təvəllüdlü və daha kiçikyaşlı idmançılar arasında
Türkan Mahmudova qoşa yarışlarında çempion adını qazanıb. 2004-2005-ci illər təvəllüdlü
badmintonçularımızdan Nərmin Şərifova qoşa yarışlarında qızıl, qarışıq-qoşada
isə bürünc medala sahib olub. 2002-2003-cü illər təvəllüdlü atletlərimizdən
Ülvi Əhmədov şəxsi və qoşa yarışlarda 1-ci, qarışıq-qoşa
yarışında isə 3-cü olub. Vaqif İsmayılov şəxsi və qoşa yarışların hər ikisində
gümüş medala layiq görülüb. Adəm Əliyev şəxsi yarışlarda 3-cü, qoşa yarışında
1-ci, qarışıq-qoşada isə 2-ci pillədə qərarlaşıb. Bu yaş qrupunda çıxış edən
daha bir idmançımız Ayxan Əliyev isə qoşa yarışlarında bürünc medal əldə edib.
Klubun digər yetirməsi Səbuhi Hüseynov isə 1999-2001-ci illər təvəllüdlü (gənclər)
badmintonçular arasında təşkil olunan yarışda şəxsi, qoşa və qarışıq-qoşa
yarışlarının hər birində liderliyə yüksəlib.