İyulun 19-da İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər
arasında Avropa birinciliyi start götürüb. Yarışın ilk günündə sərbəst güləşçilər
arasında 42, 50, 58, 69 və 85 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib.”Neftçi İdman Klubu”nun yığmanın heyətində yer almış yeniyetmə pəhləvanlarından
İntiqam Vəlizadə (50 kq) qitə birinciliyinin bürünc medalına sahib olub. Təmsilçimiz
Gürcüstan idmançısı Tamaz Şavadze, rusiyalı Aisien Vinokurov və Moldova güləşçisi
İon Butnaru üzərində qələbə qazanaraq yarımfinala yüksəlib. Lakin bu mərhələdə
türkiyəli Engin Çetinlə bacarmayan Vəlizadə bürünc medal uğrunda Ermənistan təmsilçisi
Harutyun Manukyanla üz-üzə gəlib. Rəqibini məğlubiyyətə uğradan güləşçimiz
Avropa birinciliyini üçüncü yerdə başa vurub.Bu gün klubumuzun daha üç idmançısı – Əsgər Məmmədəliyev (46 kq),
Sabutay Əmişov (54 kq) və Rəşad Yusifli (76 kq) döşək üzərinə çıxacaq.Qeyd edək ki, yeniyetmə güləşçilər arasında Avropa birinciliyi iyulun
24-də başa çatacaq.