Braziliyanın Rio de Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya
Oyunlarında Azərbaycan yığma komandası ilk medalını qazanıb.Bu medalı ölkəmizə “Neftçi İdman Klubu”nun cüdoçusu Rüstəm Orucov
qazandırıb. 73 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/16 finalda
Qazaxıstan təmsilçisi Didar Hamzanı məğlub edib. O, səkkizdəbir finalda
avstraliyalı Jake Bensted üzərində ipponla qələbə qazanıb. Növbəti mərhələdə
Macarıstan cüdoçusu, London-2012 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı
Miklos Unqvaridən üstün olan Orucov yarımfinalda israilli Saqi Muki ilə
qarşılaşmadan da qalib ayrılıb və finala yüksəlib. Həlledici görüşdə yaponiyalı
Şohei Onoya məğlub olan cüdoçumuz XXXI Yay Olimpiya Oyunlarının gümüş medalına
sahib olub.Yarış başa
çatdıqdan sonra Rüstəm Orucov jurnalistlərə müsahibəsində Azərbaycanın üçrəngli
bayrağının Braziliyada dalğalanmasından qürur duyduğunu bildirib: “Görüşlərimin
hamısı çətin oldu. Finalda da qələbə əzmində idim. Amma rəqibim çox güclü idi.
Qarşıda yenə olimpiada var. Gümüşü qızıla çevirmək üçün var-gücümlə
çalışacağam. Doğma Azərbaycanda hər kəsə, evdəkilərə, anama buradan salam deyirəm.
Azərbaycanın üçrəngli bayrağının Braziliyada dalğalanması həqiqətən qürurverici
idi. Rioda ölkəmizə ilk medalı qazandırdığıma görə sevinirəm. Hələ burada
medallarımız çox olacaq”.Xatırladaq ki, Rüstəm Orucov bu il Kazanda keçirilən
Avropa çempionatında qızıl medal qazanıb. O, 2011-ci ildə dünya kubokunun
bürünc, Avropa kubokunun isə gümüş medalına sahib olub. İdmançımız 2012-ci ildə
ölkəmizi London Yay Olimpiya Oyunlarında təmsil edib. Elə həmin il Bakıda təşkil
olunan Qran-pridə birinci, 2014-cü il Türkiyənin Samsun şəhərindəki Qran-pri
turnirində isə ikinci yeri tutan Orucov ötən il Tbilisidə keçirilən Qran-pridə
yenidən liderliyə yüksəlib. Cüdoçumuz bu il Bakıda təşkil olunan “Böyük dəbilqə”
beynəlxalq turnirində bürünc, Almaniyada keçirilən Qran-pri turnirində isə
gümüş medala yiyələnib.Qeyd edək ki, klubumuzun Rio Olimpiadasında təmsil
olunan cüdoçularından Orxan Səfərov (60 kq) 5-ci pillədə qərarlaşıb. 66 kq çəkidə
çıxış edən Nicat Şıxəlizadə də olimpiadanı medalsız başa vurub.