Braziliyanın Rio de
Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunları davam edir.Azərbaycan yığma
komandası Rio Olimpiadasında ikinci gümüş medalına yiyələnib.Sevindirici haldır
ki, bu medalı da ölkəmizə “Neftçi İdman Klubu”nun cüdoçusu Elmar Qasımov
qazandırıb. 100 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/16 final mərhələsində
Rusiya təmsilçisi, Avropa, dünya və Olimpiya çempionu Taqir Xaybullayevi məğlub
edib. O, səkkizdəbir finalda əlcəzairli Lyes Bouyakoubla üz-üzə gəlib. Görüşdə
hər iki idmançı bir vazari xalı qazansa da, Elmarın şidosunun rəqibindən az
olması (1:2) ona qələbə bəxş edib. Növbəti mərhələdə Afrika çempionatının
qalibi, misirli Ramadan Dərvişi məğlub etmək üçün klubumuzun yetirməsinə cəmi
54 saniyə bəs edib. İpponla qələbə qazanan cüdoçumuz yarımfinala yüksəlib. Bu mərhələdə
onun rəqibi Ukrayna idmançısı Artyom Bloşenko olub. Qasımov bu rəqibini də
ipponla mübarizədən kənarlaşdırıb və finala vəsiqə qazanıb. Həlledici
qarşılaşmada çexiyalı Lukas Krpaleklə üz-üzə gələn təmsilçimiz gərgin keçən
görüşün sonuna az qalmış məğlubiyyətə uğrayıb və Rio-2016 XXXI Yay Olimpiya
Oyunlarının gümüş medalına yiyələnib.Final görüşündən
sonra idmançımız bunları söyləyib: “Bura gələndə üzərimizdə yorğunluq var idi.
Ancaq iki həftə qaldıq. Bir az dincəlib, özümüzə gəldik. Yarışa tam hazır vəziyyətdə
çıxmışdım. İlk görüşlərdən fiziki və texniki hazırlığımın qaydasında olduğu
görünürdü. Sadəcə, yarımfinaldakı qarşılaşma çox çətin keçdi. Ukraynalı bütün
gücüylə üzərimə atıldı. Onu məğlub etsəm də, çox güc sərf etməli oldum. Ayaq əzələlərim
ağrımağa başladı. Bu da finaldakı çıxışıma təsir göstərdi. Həlledici
qarşılaşmaya çox yorğun çıxmışdım. Krpalek fiziki cəhətdən daha yaxşı durumda
idi. Onunla 4-5 dəfə qarşılaşmışıq. Əksər görüşlərdə mən qalib gəlmişəm. Bu məğlubiyyəti
faciə saymıram. İdmandakı bütün nəticələrimə görə ilk növbədə atama borcluyam.
Məni bu sahəyə o gətirib. Mənə çox dəstək olub”.Qeyd edək ki, Elmar
Qasımov 2009-cu ildə Ermənistanda keçirilən gənclər arasında Avropa
çempionatında qalib olub. 2014-cü ildə Fransada təşkil olunan Avropa
çempionatında gümüş medal qazanan idmançımız həmin il Rusiyada “Böyük dəbilqə”
yarışında qızıl medala sahib olub. Cüdoçumuz ötən il Samsunda və Tbilisidə
keçirilən beynəlxalq Qran-pri turnirlərində, eləcə də Mərakeşdə və Meksikada
usta idmançılar arasında təşkil olunan yarışlarda fəxri kürsünün ən yüksək pilləsinə
qalxıb. Bu il qatıldığı turnirlərin əksəriyyətində mükafatçılar sırasına düşməyi
bacaran Elmar Qasımov Rio Olimpiadasına lisenziya qazanıb.Xatırladaq ki,
“Neftçi İdman Klubu”nun daha bir cüdoçusu Rüstəm Orucov (73 kq) da avqustun 8-də
Rio de Janeyro Yay Olimpiya Oyunlarının gümüş medalına sahib olmuşdu.