Rio de Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında
güləş yarışları davam edir. Azərbaycan yığma komandası Rio Olimpiadasında
beşinci medalını qazanıb.Qürurverici haldır ki, bu medalı ölkəmizə “Neftçi
İdman Klubu”nun yunan-Roma güləşçisi, ötən il Las-Veqasda keçirilən dünya
çempionatında birinci yeri tutmuş, Avropa çempionatının qızıl və gümüş
medalçısı, 2015-ci ildə Bakıda təşkil olunan birinci Avropa Oyunlarının qalibi
Rəsul Çunayev (66 kq) qazandırıb. İdmançımız mübarizəyə 1/16 finaldan başlayıb.
O, ilk görüşdə Kuba təmsilçisi Migel Palasio Martinezlə üz-üzə gəlib. Güləşçimiz
qarşılaşmaya uğursuz başlasa da, sonda məğlubiyyətdən qurtula bilib. Rəsul 0:2
hesabı ilə geridə olduğu halda görüşü 4:2 hesablı qələbəylə yekunlaşdırıb. Növbəti
mərhələdə Olimpiya çempionu, rusiyalı İslambek Albiyevlə qarşılaşmada da
Çunayev 0:2 hesabı ilə geridə olmasına baxmayaraq, güclü rəqibini
məğlub etməyi bacarıb – 3:2. Dörddəbir finalda Əlcəzair idmançısı Tarek Aziz
Benaissa ilə üz-üzə gələn güləşçimiz rəqibinə elə ilk hissədəcə təmiz qələbə ilə
(10:2) qalib gəlib. Təəssüf ki, yarımfinalda Rəsul Çunayev bu uğurun davamını gətirə
bilməyib və erməni Miqran Arutyunyana 1:4 hesabı ilə məğlub olub. Buna baxmayaraq,
idmançımız medal qazanmaq şansını itirməyib. O, bürünc medal uğrunda Cənubi
Koreya təmsilçisi, dünya çempionu Hansu Ryu ilə mübarizə aparıb və rəqibi üzərində
8:0 hesablı parlaq qələbə qazanaraq Rio de Janeyro Yay Olimpiya Oyunlarının
bürünc medalına sahib olub.Yarış başa çatdıqdan sonra Rəsul Çunayev media nümayəndələrinə
açıqlama verib: “Rioya qızıl medal üçün gəlmişdim, ancaq təəssüflər olsun ki,
bunu bacarmadım. Məni dəstəkləyən hər kəsə çox minnətdarlığımı bildirirəm. Mən
də istərdim ki, onları sevindirim. Tənqid edənləri də başa düşürəm. Miqran Arutyunyana uduzmuşam. Ancaq bilin ki, hamıdan çox
özüm qələbə qazanmaq istəyirdim. Bu dəfə alınmadı. Mən uzun müddətdi 66
kq çəkidə çıxış etmirdim. Olimpiadaya düşmək üçün çəkimi salmalı oldum. Bu amil
məğlubiyyətimdə çox böyük rol oynadı. Püşküm də çətin düşmüşdü. 1/8 finalda
Olimpiya çempionu ilə qarşılaşdım. Sonuncu rəqibim koreyalı güləşçi isə dünya çempionu
idi. Ancaq qalib gəlmək istəyirsənsə, gərək güclü idmançını yolundan kənarlaşdırasan.
Yalnız yarımfinalda səhvə yol verdim”.Xatırladaq
ki, güləş yarışlarının ilk günündə klubun yetirmələri Rövşən Bayramov (59 kq) və
Elvin Mürsəliyev (75 kq) müvafiq olaraq, 5-ci və 7-ci yerləri tutublar.Qeyd edək ki, Rəsul Çunayev “Neftçi İdman Klubu”nun
Rio Olimpiadasında medal qazanmış üçüncü təmsilçisidir. Bundan əvvəl
cüdoçularımız Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) mötəbər yarışın
gümüş medallarına sahib olmuşdular.