Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə Avropa Çempionatı davam edir.
Bu gün “Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində yer alan daha üç yunan-Roma güləşçisi nüfuzlu yarışın mükafatını qazanıb.
Təmsilçilərimiz böyük əzmlə mübarizə apararaq 2 qızıl və 1 bürünc medala sahib olublar.
İdmançılarımızdan Həsrət Cəfərov (67 kq) final qarşılaşmasında türkiyəli Murat Fırata 7:5 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Bununla da o, Azərbaycan yunan-Roma güləşinin ilk dördqat Avropa çempionu adına sahib çıxıb. Qurban Qurbanov (82 kq) həlledici görüşdə Adlet Tyulbayevi (UWW) 4:2 hesabı ilə məğlub edib və Avropa çempionu olub.
Digər idmançımız Nihat Məmmədli (60 kq) isə bürünc medal uğrunda qarşılaşmada Suner Konunova (UWW) qalib gələrək (6:0) fəxri kürsünün üçüncü pilləsində yer alıb.
Xatırladaq ki, daha əvvəl klubumuzun yunan-Roma güləşçilərindən Rəşad Məmmədov (55 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, Avropa Çempionatına aprelin 26-da yekun vurulacaq.


