Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib. Sumqayıt Paralimpiya İdman Kompleksində reallaşan yarışda 30-a yaxın yeniyetmə və gənc paraüzgüçü 9 müxtəlif kateqoriya üzrə mübarizə aparıb.
Ölkəmizdə ilk dəfə təşkil olunan çempionatın keçirilməsində əsas məqsəd əlilliyi olan şəxslərin idmana cəlb olunmasını təşviq etmək, onların idman bacarıqlarının inkişafına dəstək vermək, eləcə də gələcəkdə Azərbaycanı beynəlxalq yarışlarda təmsil edəcək perspektivli paraüzgüçülərin müəyyənləşdirilməsi və paraüzgüçülük üzrə ehtiyat qüvvənin formalaşdırılmasına töhfə vermək olub.
“Neftçi” İdman Klubunun təmsilçisi, S4 kateqoriyasında çıxış edən Könül Süleymanova 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışında 1 dəqiqə 48 saniyə nəticə göstərərək gümüş medala sahib olub.
Qeyd edək ki, bu yarış ölkədə paraüzgüçülük növünün inkişafı, idmançıların yarış təcrübəsinin artırılması və milli komanda üçün namizədlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.





