• Sentyabr 3, 2026
  • Redactor Neftchi
  • 0

Qırğızıstanda keçirilən VI Dünya Köçəri Oyunları davam edir. 100-dən çox ölkənin qatıldığı mötəbər yarış proqramına 43 etnosport və ənənəvi idman növü daxil edilib.

“Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində yer alan təmsilçisi Ariz Hüseynov yarışda uğurlu çıxış edərək mükafatçılar sırasına düşməyə müvəffəq olub. Alış güləşi üzrə 80 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız bürünc medal qazanaraq fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Bu, Azərbaycan komandasının turnirdəki ilk medalı olub.

Qeyd edək ki, VI Dünya Köçəri Oyunlarında ölkəmizi 9 idman növündə (alış, qırğız kuroş, quştinqiri, güləş, pəhləvan güləşi, qazax kuresi, qoreş, mas-restlinq və manqala) 10 idmançı təmsil edir. Onlardan 6-sı məhz “Neftçi” İdman Klubunun yetirməsidir.