• Oktyabr 27, 2026
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun yunan-Roma güləşçisi Nihat Məmmədli Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında inamlıçıxış edərək gümüş medal qazanıb.

Altmış üç kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız yarış boyu inamlı çıxışı ilə diqqət çəkib. O, 1/8 final mərhələsində norveçli Morten Toreseni 11:0, 1/4 finalda isə qətərli Aref Məhəmmədini 10:1 hesabı ilə tam üstünlüklə məğlub edərək yarımfinala yüksəlib. Finala gedən yolda gərgin keçən görüşdə rusiyalı Olimpiya mükafatçısı, dünya və üçqat Avropa çempionu Sergey Yemelini xalların keyfiyyətinə görə (2:2) sıradan çıxaran Nihat Məmmədli həlledici final qarşılaşmasında Ermənistan təmsilçisi Karen Aslanyana məğlub olaraq fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.

Xatırladaq ki, daha əvvəl “Neftçi” İdman Klubunun digər yunan-Roma güləşçiləri Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) Astanada keçirilən mundialda qızıl medala sahib olublar.