“Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində yer alan cüdoçuları Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirinin ilk günündə 2 qızıl medal qazanıblar.
Klubun qadın cüdoçusu Könül Əliyeva (48 kq) finalda türkiyəli Merve Azaka qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Bununla da tarixi nəticəyə imza atan Könül Əliyeva “Böyük Dəbilqə” yarışlarında çempionluq qazanan ilk azərbaycanlı qadın cüdoçu kimi tarixə düşüb. Bu, eyni zamanda idmançının böyüklər arasında Dünya Cüdo Turunda qazandığı ilk qızıl medaldır.
Kişi cüdoçuların mübarizəsində isə Balabəy Ağayev (60 kq) eyni uğuru təkrarlayıb. Finalda Tacikistan təmsilçisi Loiq Kudbudinovla qarşılaşan cüdoçumuz rəqibini məğlub edərək qızıl medala sahib olub.
Qeyd edək ki, “Böyük Dəbilqə” turniri oktyabrın 31-də başa çatacaq.
