Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə 31-ci Bakı Birinciliyi keçirilib. İki gün davam edən yarışda 120-yə yaxın gimnast öz çıxışını sərgiləyib. Gimnastlar kiçiklər, uşaqlar, yeniyetmələr və gənclər yaş kateqoriyaları üzrə mübarizə aparıblar. İdmançılar cütlük və qrup proqramlarında çıxış ediblər.
“Neftçi” İdman Klubunun gimnastlarından Rahilə Qarazadə və Lalə Qarazadədən ibarət qadın cütlüyü uşaqlar arasında qızıl medal əldə edib. Milana Salmanova-Zəhra Fəzai qadın cütlüyü isə yeniyetmələrin yarışında üçüncü yeri tutub. Sevinc Niftəliyeva, Zərifə Azaylı və Ayan Həşimlidən ibarət qadın qrupu isə kiçiklər arasında bürünc medala layiq görülüb.