Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya birinciliyi keçirilir.
Yarışda Azərbaycan millisinin heyətində çıxış edən “Neftçi” İdman Klubunun yunan-Roma güləşçisi Ayxan Cavadov (60 kq) böyük əzmkarlıq nümayiş etdirərək növbəti dəfə qızıl medal qazanıb. Finala qədər inamla irəliləyən təmsilçimiz həlledici qarşılaşmada özbəkistanlı Dostonbek Oripovu 4:1 hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu nəticə ilə Ayxan Cavadov titulunu qoruyub və ardıcıl ikinci dəfə U-20 dünya çempionu adını qazanıb.
Klubun digər yunan-Roma güləşçisi Elmin Əliyev (82 kq) isə mötəbər yarışın bürünc medalına layiq görülüb. O, üçüncü yer uğrunda görüşdə türkiyəli İsmayıl Bərəkətə 7:1 hesabı ilə qalib gəlib.

