Bakıda keçirilən boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirinə yekun vurulub. Boks Mərkəzində baş tutan yarışda 11 ölkədən 121 dəri əlcək ustası qalib adı uğrunda mübarizə aparıb.
“Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində təmsil olunan boksçuları inamla mübarizə apararaq ənənəvi turnirin 6 medalına (2 qızıl, 1 gümüş, 3 bürünc) sahib olublar. İdmançılarımızdan Həsən Məlikov (48 kq) və Şamil Əsgərov (57 kq) bütün döyüşləri qələbə ilə başa vuraraq qızıl medala yiyələniblər. Yalnız həlledici final görüşündə məğlub olan Murad Allahverdiyev (86 kq) gümüş medala layiq görülüb. Malik Həsənov (63,5 kq), Mirşərif Kazımzadə (75 kq) və Anaxanım İsmayılova (50 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıblar.