On səkkiz yaşadək cüdoçular arasında (U-18) Bakı şəhər birinciliyi keçirilib. Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsindəki “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində təşkil olunan yarışda 18 çəki dərəcəsində qaliblər müəyyənləşib. Turnirə paytaxtın 66 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 716 cüdoçu qatılıb.
“Neftçi” İdman Klubunun təmsilçiləri yarışın 10 medalına (2 qızıl, 2 gümüş, 6 bürünc) yiyələniblər və ümumkomanda hesabında üçüncü yeri tutublar.
Yeniyetmə cüdoçularımızdan Məhəmməd Rüstəmli (50 kq) və Əsmər Əliyeva (+70 kq) bütün görüşləri qələbə ilə başa vuraraq Bakı çempionu olublar. Yalnız həlledici final görüşündə məğlub olan Əhməd Rüstəmov (60 kq) və Əliyar Bayramlı (+90 kq) gümüş medala layiq görülüblər. Kərim Kərimli, Tahir Əlizadə (hər ikisi 55 kq), Gülay Haqverdiyeva (48 kq), Leyla Məcidova (57 kq), İlahə Əzizzadə və Aynur Mirzəağayeva (hər ikisi 70 kq) isə paytaxt birinciliyini üçüncü pillədə başa vurublar.