Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatı davam edir.”Neftçi” İdman Klubunun yığma komandamızın heyətində yer alan cüdoçusu, millimizin lideri Hidayət Heydərov (73 kq) mundialda əzmkarlıq nümayiş etdirərək böyük uğura imza atıb. O, mötəbər yarışda ikinci mərhələdən mübarizəyə başlayıb. Kosovalı Akil Qyakovaya qalib gələn dördqat Avropa çempionumuz səkkizdəbir finalda İspaniya təmsilçisi Salvador Roça üzərində növbəti qələbəsini qazanaraq dörddəbir finala yüksəlib. Bu mərhələdə Daniel Karqninə (Braziliya) qalib gələn cüdoçumuz yarımfinala adlayıb. Finalın bir addımlığında almaniyalı İqor Vandtkeni məğlub edən idmançımız finala vəsiqəni təmin edib. Həlledici qarşılaşmada onun rəqibi Yaponiya təmsilçisi Tatsuki İşihara olub. Güclü rəqibinə ipponla qalib gələn Hidayət Heydərov dünya çemionu tituluna sahib olub.Qeyd edək ki, Hidayət Heydərov 11 ildən sonra ölkəmizə qızıl medal qazandırıb.Belə ki, müstəqillik qazandıqdan sonra cüdoçularımız dünya çempionatının ilk qızıl medalına 2013-cü ildə sahib çıxıb. Həmin il Braziliyada keçirilən mundialda klubumuzun yetirməsi Elxan Məmmədov dünya çempionu olub.