Yunan-Roma və sərbəst güləş üzrə yeniyetmələr arasında beynəlxalq “Təhsil” turniri davam edir. Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsindəki “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində keçirilən yarış Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə keçirilir. Dünya Güləş Birliyinin təqvimində yer alan turnirdə Azərbaycanla yanaşı, Böyük Britaniya, Qazaxıstan, Qırğızıstan, Fransa, Hindistan və Türkmənistandan U-15 və U-17 yaş qrupları üzrə ümumilikdə 500-ə yaxın idmançı mübarizə aparır.
Artıq U-15 yaş qrupunda yarışlar başa çatıb.
“Neftçi” İdman Klubunun bu yaş qrupunda çıxış edən təmsilçiləri turnirin üç medalına yiyələniblər. Sərbəst güləşçilərimizdən İbrahim Qədirli (75 kq) yalnız həlledici final görüşündə məğlubiyyət acısı yaşayıb və yarışın gümüş medalına layiq görülüb. Yunan-Roma güləşçiləri arasında isə Eldəniz Allahverdiyev (52 kq) və Məhəmməd Alıyev (57 kq) fəxri kürsünün üçüncü pilləsində yer alıblar.