On yeddi yaşadək (U-17) idmançılar arasında keçirilən güləş üzrə Azərbaycan birinciliyi başa çatıb. Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsindəki “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində təşkil olunan yarışda “Neftçi” İdman Klubunun təmsilçiləri uğurlu çıxış ediblər. Sərbəst güləşçilərimizdən Muhamməd İsmayılov (51 kq), Hüseyn Hüseynov (55 kq) və İsa Yusibov (65 kq) inamla çıxış edərək bütün rəqiblərinə qalib gəliblər və Azərbaycan çempionu tituluna sahib olublar. Zidan Novruzov (71 kq) isə ölkə birinciliyinin bürünc medalını qazanıb. Qeyd edək ki, sərbəst güləşçilərimiz ümumkomanda hesabında bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutublar.Yunan-Roma güləşçilərimizdən Nicat Dadaşov (55 kq) yalnız finalda məğlub olub və gümüş medala layiq görülüb. Cavad Məmmədov (80 kq) və Renat Həsənov (110 kq) isə birinciliyi üçüncü pillədə tamamlayıblar.