Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat turnirində “Neftçi” İdman Klubunun sərbəst güləşçiləri Hacı Əliyev (65 kq) və Turan Bayramov (74 kq) böyük əzmkarlıq nümayiş etdirərək Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar.Üçqat dünya və dördqat Avropa çempionu Hacı Əliyev yarımfinalda Albaniya təmsilçisi İslam Dudayevə 6:3 hesabı ilə qalib gələrək bu uğura imza atıb və ardıcıl olaraq üçüncü dəfə olimpiadaya lisenziya qazanıb.Xatırladaq ki, Hacı Əliyev Rio-2016-da bürünc,Tokio-2020-də isə gümüş medala sahib olub.Turan Bayramov isə yarımfinalda ikiqat dünya və dördqat Avropa çempionu olan İtaliya təmsilçisi Frank Çamizonu üstələyib. Görüş 8:8 hesabı ilə yekunlaşıb. Xalların keyfiyyətinə görə, Turan Bayramov qalib elan olunub və idmançımız olimpiadaya lisenziyanı təmin edib.