“Sərhədçi” İdman Mərkəzində kikboksinq üzrə XXXI Azərbaycan çempionatı və birinciliyi başa çatıb. Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Kikboksinq Federasiyasının təşkilatçılığı ilə reallaşan və üç gün davam edən yarışda ölkənin müxtəlif şəhər və rayonlarından yüzlərlə idmançı qüvvəsini sınayıb.
Turnirdə uğurla çıxış edən “Neftçi” İdman Klubunun təmsilçiləri fəxri kürsüyə yüksəliblər. Kişilər arasında mübarizə aparan Səfərəli Vəhədov (75 kq) bütün rəqiblərini qabaqlayaraq ölkə çempionu olub. Fazil Pənahov (60 kq), Ramiz Məmmədov (63.5 kq) və Bədri Apayev (71 kq) isə bürünc medala sahib çıxıblar.
Kiçikyaşlı yeniyetmələrin yarışında isə Sənan İsgəndərov (2015-2017-ci il təvəllüdlülər, 47 kq) və Rüzgar Pənahlı (2018-2020-ci il təvəllüdlülər, 47 kq) ölkə birinciliyinin gümüş medalına layiq görülüblər.





