• Oktyabr 1, 2026
  • Redactor Neftchi
  • 0

“Neftçi” basketbol komandasının baş məşqçisi Konstantinos Vasiliadis FIBA Avropa Kubokunun təsnifat mərhələsinin cavab oyunundan sonra (61:73) fikirlərini bölüşüb:

“Bir tərəfdən qrup mərhələsinə vəsiqə qazandığımız üçün məmnunam, digər tərəfdən isə bu gün nümayiş etdirdiyimiz oyundan razı qaldığımı söyləyə bilmərəm. Komanda oyuna lazımi səviyyədə köklənə bilmədi və meydanda oyunçular arasında ünsiyyət də tam istədiyim səviyyədə olmadı.

Bu qarşılaşmanın asan olmayacağını bilirdik. Əvvəlki oyundan 13 xal üstünlüyümüz olsa da, bizim məqsədimiz hər zaman meydana qələbə üçün çıxmaqdır. Təəssüf ki, bu gün oyunçularımın hər biri gözlədiyim oyunu göstərə bilmədi.

Sabahkı məşqdən etibarən komandanın mentaliteti və oyuna yanaşması üzərində daha ciddi işləməliyik. Oyunçular başa düşməlidirlər ki, yüksək səviyyəli və rəqabətli turnirlərdə çıxış etmək üçün hər oyunda maksimum mübarizə aparmaq, həm müdafiədə, həm də hücumda komandaya töhfə vermək vacibdir.

Bu gün hücumda çox sayda imkanlardan istifadə edə bilmədik. Bu da müəyyən epizodlarda konsentrasiyamızın lazımi səviyyədə olmadığını göstərir.

Bundan sonra komandanı necə daha da inkişaf etdirəcəyimizi təhlil etməliyik. Eyni zamanda, digər oyunçulara da daha çox oyun vaxtı vermək variantını nəzərdən keçirəcəyəm. Onların komandaya əlavə enerji və fayda verə biləcəyini düşünürəm.

Bununla belə, qrup mərhələsinə vəsiqə qazandığımız üçün komandamızı təbrik edirəm. Qarşıda bizi daha yüksək səviyyəli rəqiblərlə oyunlar və eyni zamanda daxili çempionat gözləyir. Buna görə də qarşıdakı matçlara maksimum dərəcədə hazır olmalıyıq.

Biz bu turnirə sadəcə iştirak üçün gəlməmişik. Məqsədimiz mümkün qədər çox qələbə qazanmaq və yüksək nəticələr əldə etməkdir”.