“Neftçi” İdman Klubunun inzibati binasında qurumun Uşaq Futbol Məktəbinin məşqçiləri ilə görüş keçirilib. Tədbirdə klubun uşaq futbolunun inkişafına xüsusi önəm verməsindən, bu sahənin daim diqqət mərkəzində olmasından, mütəmadi olaraq seleksiya xarakterli toplantıların keçirilməsindən, istedadlı uşaqların, yeniyetmələrin seçilərək müxtəlif yaş qrupları üzrə komandalara cəlb olunmasından söhbət açılıb. Elə bütün bunların nəticəsi olaraq, klubun yetirmələrinin hazırda ölkənin bütün peşəkar futbol komandalarında və müxtəlif yaş qrupları üzrə milli komandalarda layiqincə təmsil olunduqları vurğulanıb. Təkcə 2023-cü il ərzində Uşaq Futbol Məktəbinin 25 yetirməsinin peşəkar futbol klublarının müxtəlif yaş qrupları üzrə komandalarına cəlb olunduğu bildirilib.
Ardınca uşaq liqalarında indiyədək keçirilən oyunlar təhlil olunub və komandaların hazırkı durumu qənaətbəxş hesab olunub.
Sonra 2024-cü ildə qarşıda duran vəzifələr geniş müzakirə olunub. Yeni ilin başlanması ilə əlaqədar görüləcək işlərlə bağlı məlumat verilib. Mövcud problemlərdən söhbət açılıb, Uşaq Futbol Məktəbinə daha çox uşağın cəlb edilməsi ilə bağlı müxtəlif fikirlər və təkliflər səsləndirilib.
Daha sonra AFFA-nın təşkil etdiyi uşaq liqalarında çıxış edən komandalarla bağlı müzakirələr aparılıb, aşağı yaş qruplarına aid komandaların planları açıqlanıb, məşqçilərin çıxışları dinlənilib və onlarla fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda məşqçilərə yeni ildəki fəaliyyətlərində daha böyük uğurlar dilənib.