Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatı başa çatıb.
Azərbaycan millisi yarışı 6 medalla (2 qızıl, 2 gümüş, 2 bürünc) tamamlayıb.
Sevindirici və qürurverici haldır ki, qazanılan medallardan 5-i (2 qızıl, 2 gümüş, 1 bürünc) məhz “Neftçi” İdman Klubunun güləşçilərinə məxsusdur.
Çempionatda böyük əzmkarlıqla mübarizə aparan yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medal qazanıblar. Nihat Məmmədli (63 kq) isə mundialı gümüş mükafatla başa vurub.
Sərbəst güləş yarışlarında isə Arseniy Djioyev (86 kq) gümüş, Giorgi Meşvildişvili (125 kq) isə bürünc medala sahib olub.
