“Neftçi” İdman Klubunun təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi müəssisələrinin əməkdaşları arasında kamandan oxatma yarışı keçirilib. “Fokus” Kamandan Oxatma Məktəbində baş tutan turnirdə 8 qurumdan 23 iştirakçı (16 kişi, 7 qadın) bacarığını nümayiş etdirib.
Qaydalara uyğun olaraq, yarış 10 metr məsafədən 6 ox atmaqla kişilər və qadınlar arasında fərdi qaydada keçirilib. Qalib və mükafatçılar toplanmış xalların cəminə görə müəyyən edilib.
Yarışın keçirilməsində əsas məqsəd SOCAR-ın tabeliyində fəaliyyət göstərən təşkilat və birgə müəssisələrin əməkdaşlarının asudə vaxtlarının səmərəli təşkil edilməsi, onlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, həmçinin sağlam həyat tərzinin və kütləvi idmanın təbliğidir. Bundan başqa, turnir Gənclər və İdman Nazirliyi tərəfindən dövlət qurumlarının əməkdaşları arasında keçiriləcək müvafiq yarışda SOCAR-ı təmsil edəcək heyətin müəyyən edilməsi və formalaşdırılması məqsədi daşıyırdı.
Kişilər arasında təşkil olunan yarışda “Neftqaztikinti” Trestinin əməkdaşı Elşad Yusifov turnirin qalibi olub. Murad Əliyev (“SOCAR Polymer” Zavodu) ikinci, Elşad Abdullayev (“Neftqazelmitədqiqatlayihə” İnstitutu) isə üçüncü yeri tutub.
Qadınların mübarizəsində İlahə Hacıyeva (“SOCAR Polymer” Zavodu) bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Arzu Cəfərzadə (“SOCAR Polymer” Zavodu) gümüş, Esmira Nəsrəddinova (“Neftqaztikinti” Tresti) isə bürünc medala sahib olub.
I, II və III yeri tutmuş yarış iştirakçıları “Neftçi” İdman Klubu tərəfindən diplom, medal və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırılıblar.






