• Sentyabr 6, 2026
  • Redactor Neftchi
  • 0

“Neftçi SOCAR” 3×3 basketbol üzrə Dünya Qadınlar Seriyasının mövsüm finalında mübarizəsini yarımfinal mərhələsində dayandırıb. Çinin Şanxay şəhərində keçirilən həlledici turnirin yarımfinalında təmsilçimiz Fransa millisinə 13:15 hesabı ilə məğlub olub.

Komandamız bu qarşılaşmada ciddi heyət problemi ilə üzləşib. Belə ki, dördüncü oyunçu Aio Katsuranın köməyindən yararlana bilməyən basketbolçularımız matçı cəmi üç nəfərlə başa vurmaq məcburiyyətində qalıblar. Buna baxmayaraq, sonadək fədakar mübarizə aparan təmsilçimiz rəqibinə cəmi iki xal fərqi ilə uduzub.

Bununla belə, “Neftçi SOCAR” Dünya Qadın Seriyasının 2026-cı il mövsümünü ümumi hesabda ikinci pillədə başa vurub. Komandamız mövsüm ərzində ümumilikdə 12 mərhələdə qüvvəsini sınayıb və 672 xal toplayaraq bu böyük uğura imza atıb. Basketbolçularımız mövsüm gedişində Orlean və Marsel mərhələlərinin qalibi olublar.