“Neftçi” İdman Klubu və SOCAR-ın Sosial İnkişaf İdarəsinin birgə təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi müəssisələrinin işçiləri arasında stolüstü tennis idman növü üzrə yarış keçirilib. “Şüa” İdman Kompleksində baş tutan turnirə 20 müəssisədən 46 iştirakçı (32 kişi, 14 qadın) qatılıb.
Yarışın keçirilməsində əsas məqsəd Gənclər və İdman Nazirliyi tərəfindən dövlət qurumlarının əməkdaşları arasında təşkil olunacaq turnirdə SOCAR-ı bu idman növü üzrə təmsil edəcək komandanın heyətini müəyyən etməkdən ibarət idi.
Kişilər arasında Bakı Ali Neft Məktəbinin təmsilçisi İftixar Məhərrəmov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Saleh İsmayıllı (Karbamid Zavodu) gümüş, Zamiq Əmirov (“Caspian Innovation Center”) isə bürünc medala sahib olub.
Qadınların mübarizəsində Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsinin əməkdaşı Nərgiz Daşdəmirova qalib olub. Əzizə Cəfərova (Bakı Ali Neft Məktəbi) ikinci, Şəhla Abdullayeva (“Azərkimya” İstehsalat Birliyi) isə üçüncü yeri tutub.
Medalçılar “Neftçi” İdman Klubu tərəfindən diplom, medal və xatirə hədiyyələri ilə mükafatlandırılıb.













