Abşeron Olimpiya İdman Kompleksində on dörd yaşadək (U-14) cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku təşkil olunub. Yarışda 58 klub və idman cəmiyyətini təmsil edən 248 cüdoçu (197 oğlan, 51 qız) mübarizə aparıb və ümumilikdə 16 çəki dərəcəsində mükafatçılar müəyyənləşib.
Turnirdə uğurla çıxış edən “Neftçi” İdman Klubunun yetirmələri 2 gümüş medal qazanıblar. Belə ki, kiçikyaşlı cüdoçularımızdan Ayxan Ağamalıyev (38 kq) və Zümrüd Quliyeva (44 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıblar.
Qeyd edək ki, ne-vaza cüdoda yerüstü (parter) mübarizəni əhatə edən texnikalar toplusudur. Bu istiqamət üzrə hazırlıq idmançıların parterdə hücum və müdafiə imkanlarının inkişaf etdirilməsinə, görüş zamanı müxtəlif taktiki vəziyyətlərə daha effektiv uyğunlaşmasına xidmət edir.
