Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatı davam edir.
Azərbaycan yığmasının heyətində ölkəmizi təmsil edən “Neftçi” İdman Klubunun sərbəst güləşçiləri yarışın növbəti günündə aktivlərinə 2 medal yazdırıblar.
86 kq çəki dərəcəsində çıxış edən Arseniy Djioyev mötəbər turnirdə böyük əzmkarlıq nümayiş etdirərək finala qədər irəliləyib. İdmançımız dörddəbir finalda Yunanıstan təmsilçisi Georgios Kuqiumtsidisi, yarımfinalda isə gürcüstanlı Vladimir Qamkrelidzeni məğlub edərək həlledici mərhələyə vəsiqə qazanıb. O, qızıl medal uğrunda qarşılaşmada titullu ABŞ idmançısı Kayl Deyklə üz-üzə gəlib. Gərgin keçən görüşdə rəqibinə məğlub olan Arseniy Djioyev dünya çempionatının gümüş medalına sahib çıxıb.
Klubun digər təmsilçisi Giorgi Meşvildişvili (125 kq) isə üçüncü yer uğrunda görüşdə macarıstanlı Vladislav Baytsayevə xal vermədən, tam üstünlüklə (10:0) qalib gələrək nüfuzlu yarışın bürünc medalına yiyələnib.
Xatırladaq ki, daha əvvəl klubun yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) mundialın qalibi olub, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb.

