Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya dünya çempionatı davam edir.
“Neftçi” İdman Klubunun yığmamızın heyətində təmsil olunan sərbəst güləşçiləri mundialı iki medalla (1 gümüş, 1 bürünc) başa vurublar.
Pəhləvanlarımızdan Zirəddin Bayramov (65 kq) səkkizdəbir finalda moldovalı Pavel Qraupa sonuncu xal prinsipinə əsasən (1:1) qalib gəlib. O, amerikalı Brok Hardidən də güclü olmaqla (14:11) adını yarımfinala yazdırıb. İdmançımız gürcüstanlı Qoqa Otinaşvilini də 5:1 hesabıyla üstələyərək finala yüksəlib. Zirəddin Bayramov həlledici görüşdə rusiyalı İbrahim İbrahimova 0:7 hesabıyla məğlub olub və yarışın gümüş medalına layiq görülüb.
Abdulcəlil Şabanov (92 kq) isə startda Şimali Makedoniya təmsilçisi Recep Haydaridən güclü olub – 4:1. Güləşçimiz dörddəbir finalda moldovalı Yon Demyana məğlub olub – 2:12. Rəqib finala yüksəldiyi üçün təmsilçimiz təsəlliverici görüşə çıxıb və qazaxıstanlı Nurdaulet Bekenova tam üstünlüklə (10:0) qalib gəlib. Abdulcəlil Şabanov bürünc medal uğrunda mübarizədə gürcüstanlı Andro Marqişvili üzərində inamlı qələbə qazanıb (14:11) və dünya üçüncüsü olub.