Dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçirilib. Gənclər və İdman Nazirliyi və Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə gerçəkləşən turnir Dənizkənarı Bulvarda, “Bakı” Kanoe və Avarçəkmə Klubu ərazisində baş tutub. Yarışda Gənclər və İdman Nazirliyi, TƏBİB, “Azərişıq” ASC, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Reklam Agentliyi, SOCAR, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti və Fövqəladə Hallar Nazirliyinin 40-a yaxın əməkdaşı bacarığını nümayiş etdirib. İştirakçılar 1 və 2 nəfərlik kayak qayığında 200 metr məsafəyə mübarizədə ən güclüləri müəyyən ediblər.
SOCAR komandasının heyətində İlahə Hacıyeva (“SOCAR Polymer” Zavodu) və Süsən Xudiyevadan (Heydər Əliyev adına Neft Emalı Zavodu) ibarət qadın cütlüyü inamla çıxış edərək gümüş medala sahib olub. Qarışıq cütlükdə isə İlahə Hacıyeva (“SOCAR Polymer” Zavodu) – Elşad Kərimov (“Azneft” İstehsalat Birliyi) cütlüyü eyni uğuru təkrarlayaraq ikinci pillədə qərarlaşıb.

