• May 31, 2026
  • Redactor Neftchi
  • 0

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu ərazisində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bayram tədbiri keçirilib.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, “Neftçi” İdman Klubu və “ADA Primary School”un tərəfdaşlığı ilə keçirilən şənlik uşaqlar üçün əsl bayram coşqusunun yaşandığı rəngarəng bir məkana çevrilib. Gün ərzində maraqlı oyunlara, idman yarışlarına və musiqili şoulara qatılan balacalar həm maraqlı vaxt keçirib, həm də fərqli interaktiv fəaliyyətlərdə fəal iştirak ediblər.
Qoruq ərazisində yaradılan idman, yarış və yaradıcılıq zonalarında uşaqlar minifutbol, basketbol, penalti turnirlərində və şahmat yarışlarında güclərini sınayıb, reaksiya oyunları ilə komandalararası müsabiqələrə qoşulublar. Böyük maraqla qarşılanan üzboyama, topların rənglənməsi və sənətkarlıq emalatxanalarında isə balacalar öz xəyal dünyalarını əks etdirmək imkanı qazanıblar. Animatorların çıxışları, hodulist şouları, DJ performansı, əl işlərindən ibarət sərgi və canlı orkestrin ifaları bayramın coşqusunu daha da artırıb. Bunlarla yanaşı, şənlik boyu fəaliyyət göstərən xüsusi iaşə zonasında uşaqlara sevdikləri bayram təamları təqdim olunub.
Tədbirə qatılan tanınmış idmançılar – “Neftçi” İdman Klubunun təmsilçiləri – cüdo üzrə Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov, sərbəst güləş üzrə üçqat dünya və dördqat Avropa çempionu Hacı Əliyev uşaqlarla görüşərək onlarla xatirə şəkilləri çəkdirib, imza mərasimində iştirak edib və onlarla motivasiyaedici tövsiyələrini bölüşüblər.