Bakıda təşkil olunan və dünən startı verilən güləş üzrə U-17 dünya birinciliyi davam edir. Milli Gimnastika Arenasında keçirilən yarışın ilk günlərində yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.
“Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində yer alan yunan-Roma güləşçiləri mundiala iki medalla start veriblər. Onlardan 80 kiloqram çəki dərəcəsində çıxış edən İsfahan Həsənov əzm nümayiş etdirərək finala qədər irəliləyib. O, həlledici görüşdə iranlı Alireza Hassan Rezaeiyə məğlub olub (1:2) və gümüş medala layiq görülüb. Digər idmançımız Orxan Həbibli (65 kq) isə mötəbər yarışı üçüncü pillədə başa vurub.
Qeyd edək ki, dünya birinciliyinə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb.

