36 idman növünü özündə birləşdirən “Neftçi İdman
Klubu” İctimai Birliyinin Azərbaycan idmanında önəmli yeri var. Klubumuzda
idmanın şahı sayılan futbolun da inkişafına xüsusi diqqət göstərilir.
“Neftçi İdman Klubu”nun yeni layihəsində bu idman növünün daha da
inkişaf etdirilməsinə geniş yer ayrılıb. Əlbəttə ki, ən populyar növün
“onurğa sütunu” uşaq futbolu sayılır. İstənilən klubun peşəkarlaşması
üçün uşaq komandalarına malik olması, bu idman növünü azyaşlılar və yeniyetmələr
arasında inkişaf etdirməsi çox vacib şərtdir. Rövnəq Abdullayev AFFA prezidenti
seçildikdən sonra bu sahəyə diqqət və qayğı daha da artıb. Rəhbərlik üçün
prioritet məsələlərdən biri məhz uşaq futboludur. “Neftçi İdman
Klubu” bu fəaliyyət sistemini əsas götürərək uşaq futbolunun inkişafı ilə
bağlı xüsusi layihələr həyata keçirir. Uşaq futbolunda çalışmış təcrübəli mütəxəssislər,
kateqoriyalı məşqçilər bu işə cəlb olunub. Klub tərəfindən seleksiya xarakterli
toplantılar keçirilir, istedadlı uşaqlar, yeniyetmələr seçilərək klubun müxtəlif
yaş qrupları üzrə komandalara cəlb olunurlar. Belə tipli oyunlardan bir neçəsi
də bu gün İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunun örtülü idman meydançasında
keçirilib. Məşqçilər qarşılaşmaları izləyərək qeydlərini ediblər və fərqlənənləri
seçiblər.