Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində
keçirilən güləş üzrə dünya çempionatı davam edir. 2016-cı ildə Braziliyanın Rio
de Janeyro şəhərində təşkil olunacaq XXXI Yay Olimpiya Oyunlarına ilk
lisenziyaların qazanıldığı çempionatın ilk iki günündə yunan-Roma güləşçiləri
qaliblərin kimliyinə aydınlıq gətiriblər.Yarışın ikinci günündə “Neftçi İdman Klubu”nun yetirməsi,
ilk Avropa Oyunlarının qalibi Rəsul Çunayev (71 kq) finala qədər yüksələ bilib.
İlk görüşdə monakolu Frank Hassli üzərində qələbə qazanan idmançımız, ardınca
Rusiya pəhləvanı Adam Kurakı məğlubiyyətə uğradıb. Növbəti qarşılaşmada ABŞ təmsilçisi
Justin Daşaun Lesterə tam üstünlüklə qalib gələn Çunayev yarımfinala yüksəlib.
O, bu mərhələdə belaruslu Tsimur Berdiyevə də heç bir şans verməyib və finala vəsiqə
əldə edib. Həlledici mərhələdə Rəsul Çunayev Ukraynanı təmsil edən erməni əsilli
güləşçi Armen Vardanyan üzərində parlaq qələbə qazanıb və dünya çempionu
tituluna sahib olub.Klubun digər idmançısı, Olimpiya Oyunlarının ikiqat
gümüş medalçısı və dünya çempionu Rövşən Bayramov (59 kq) da inamla çıxış edərək
finala qədər irəliləyib. Bu yolda güləşçimiz Hindistandan olan Sinq Ravinderi, Şimali
Koreya təmsilçisi Von Çol Yunu, iranlı Hamid Mohammad
Soryanı və qırğızıstanlı Arsen Yeraliyevi yarışdan kənarlaşdırmalı olub.
Karyerasında üçüncü dəfə dünya çempionatının finalına yüksələn Rövşən Bayramov,
bu dəfə kubalı rəqibi İsmael Borrero Molina ilə görüşdən məğlub ayrılıb və
dünya çempionatının gümüş medalına layiq görülüb.