Ümummilli lider Heydər
Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə Bakı “Böyük dəbilqə” turnirinə start
verilib. Heydər Əliyev adına İdman Sarayında təşkil olunan yarışda 31 ölkədən
183 idmançı (110 kişi, 73 qadın) mübarizə aparır.Azərbaycan millisi turnirin
ilk günündə bir bürünc medala sahib olub ki, bu mükafatı da ölkəmizə “Neftçi
İdman Klubu”nun yetirməsi qazandırıb. 60 kq çəki dərəcəsində çıxış edən Orxan
Səfərov bürünc medal uğrunda həlledici görüşdə Braziliya idmançısı Erik Takabatake
ilə qarşılaşıb. Təmsilçimiz böyük əzmkarlıq nümayiş etdirərək rəqibini ipponla
məğlub edib və “Böyük dəbilqə” turnirinin ilk medalına sahib olub.Bu çəki dərəcəsində mükafatları Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev, “Neftçi İdman Klubu” İB idarəetmə aparatının rəhbəri,Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov və Olimpiya çempionu Elnur Məmmədli təqdim edib.Qeyd edək ki, ölkəmizdə
keçirilən mötəbər turnirə martın 12-də yekun vurulacaq.