Aprelin 13-də Bakı İdman Sarayında startı
verilmiş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr və gənclər arasında Azərbaycan
Güləş Federasiyasının kuboku uğrunda ənənəvi beynəlxalq turnir başa çatıb. Yarışda
Azərbaycanla yanaşı, Tacikistan, Ukrayna, Özbəkistan, Latviya, Rusiya, Türkiyə,
İran, Gürcüstan, Qırğızıstan, Qazaxıstan və Belarus pəhləvanları da qüvvələrini
sınayıblar.”Neftçi İdman Klubu”nun yığma komandaların
heyətində təmsil olunan güləşçiləri ümumilikdə 9 medala (3 qızıl, 3 gümüş, 3
bürünc) sahib olublar. Klubun yunan-Roma güləşçilərindən 76 kq çəkidə çıxış edən
Fikrət Vəliyev yeniyetmələr arasında bürünc medala layiq görülüb. Gənclərdən Arif
Niftullayev (84 kq) rəqib tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə
qalxıb. Elşad Məmmədov (55 kq) və Tuncay Vəzirzadə (84 kq) isə 3-cü yeri
tutublar.Sərbəst güləşçilərimizdən Əşrəf Kərimzadə (46 kq)
bütün görüşləri qələbə ilə başa vurub və yeniyetmələr arasında turnirin qızıl
medalına yiyələnib. 69 kq çəki dərəcəsində mübarizə aparan Rəşad Əzizov isə
yalnız final qarşılaşmasından məğlub ayrılıb və gümüş medal əldə edib. Gənc sərbəst
güləşçilərdən Mahal Novruzov (66 kq) əzmkarlıq göstərərək liderliyə yüksəlib. İntiqam
Vəlizadə (55 kq) və İqbal Hacızadə (120 kq) isə yarışı gümüş medalla başa vurublar.