Aprelin 20-də Polşanın paytaxtı Varşavada
startı verilmiş cüdo üzrə Avropa çempionatına yekun vurulub.Yarışın sonuncu günündə “Neftçi İdman Klubu”nun
daha bir cüdoçusu ölkəmizə qızıl medal qazandırıb. 100 kq çəki dərəcəsində mübarizə
aparan idmançımız, dünya çempionu Elxan Məmmədov bütün rəqiblərini məğlub edərək
Avropa çempionu tituluna yiyələnib. Cüdoçumuz həlledici final qarşılaşmasında
Fransa təmsilçisi Kiril Maretə ipponla qalib gələrək qitə çempionatının qızıl
medalına sahib olub.Yarışı canlı izləyən və cüdoçularımıza dəstək
olan “Neftçi İdman Klubu”nun idarəetmə aparatının rəhbəri, Azərbaycan Cüdo
Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov idmançımızı tarixi qələbə
münasibətilə təbrik edib.Klubun digər cüdoçuları – Məmmədəli Mehdiyev
(90 kq) və Elmar Qasımov (100 kq) isə çempionatı 5-ci pillədə başa vurublar.Xatırladaq ki, yarışın ilk iki günündə 73 kq
çəkidə çıxış edən Hidayət Heydərov qızıl, Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə
(66 kq) və Rüstəm Orucov (73 kq) isə bürünc medal qazanmışdılar.Bununla bərabər, Hidayət Heydərov qitənin ən
mötəbər yarışında birinci yeri tutan ən gənc cüdoçu olub. Avropa Cüdo
İttifaqının prezidenti Serqey Soloveyçik cüdoçumuza “Avropanın ən yaxşı gənc
cüdoçusu” mükafatını təqdim edib.Beləliklə, Azərbaycan milli komandası 2
qızıl, 3 bürünc medal qazanaraq Avropa çempionatını kişilər arasında fərdi
yarışlarda ikinci yerdə başa vurub.Qürurverici haldır ki, bu mötəbər yarışda ölkəmizə
medal qazandıran cüdoçuların beşi də “Neftçi İdman Klubu”nun yetirmələridir.