IV İslam Həmrəyliyi
Oyunları çərçivəsində keçirilən taekvondo yarışlarında “Neftçi İdman Klubu”nun
yetirməsi, ilk Avropa Oyunlarının qızıl medalçısı Ayxan Tağızadə bütün döyüşlərdən
qalib ayrılıb və İslamiadanın qızıl medalına yiyələnib. İdmançımız mübarizəyə
dörddəbir final mərhələsindən start verib. Onun ilk rəqibi Əfqanıstan təmsilçisi
Ruhulla Nikpa olub. İlk dəqiqələrdən təşəbbüsü ələ alan Tağızadə üstünlüyünü
sonadək qoruyub. O, 28:14 hesabı ilə qalib gəlib və yarımfinala yüksəlib. Bu mərhələdə
taekvondoçumuz Səud Almuvalladla (Səudiyyə Ərəbistanı) üz-üzə gəlib. Rəqibi üzərindəki
18:9 hesablı qələbəsi onu finala daşıyıb. Klubumuzun yetirməsi həlledici mərhələdə
İran taekvondoçusu Seyidhüseyn Ehsanipetrudini çətinliklə də olsa, məğlubiyyətə
uğradıb və İslam Həmrəyliyi Oyunlarının qalibi adını qazanıb.